вторник, 9 марта 2010 г.

Mahir Cavadovla müsahibə: 10 sual, 10 cavab


Mahir Cavadov həm Azərbaycanda həm də ölkəmizdən kənarda məhşur bir şəxsdir. Bir müddət öncə onunla sosial şəbəkələrin birində şəxsən tanış oldum və qərara gəldik ki, Onunla Cavadov qardaşları, OMON, 1994-95-ci illər barədə müsahibə hazırlayaq. Beləliklə, M. Cavadova verilən 10 sual və
1.SUAL: Bakı 1990-cı illərdə və Bakı 2000-ci illərdə. Xalqın və hakimiyyətin mövqeyindəki fərqlər?
CAVAB: Bu sualı müxtəlif nöqteyi nəzərdən cavablandırmaq olar. Belə cavablandıracam: Mənim anlamımda 90-cı illərdə xalqın və hakimiyyətin əksər hissəsinin siyasi baxışının fərqini görməmişəm. Belə ki, fikrimcə o zamanlar hər iki tərəf 60-80-ci illərin psixologiyası ilə yaşayırdı. Demək istəyirəm ki, faktiki olaraq o illərdə kimisi bilərəkdən, kimisi isə bilməyərəkdən Heydər Əliyev və onun ailəsinin Azərbaycanda hakimiyyətə gəlməsi üçün çalışırdı. Bu aşkar faktdır. Belə ki, ötən əsrin 90-cı illərində xalq Qarabağı, ərazi bütövlüyümüzü qorumaqla gələcəyə çağıran bizi-Cavadov qardaşlarını deyil, həmin Qarabağı ermənilərə təhvil vermə siyasətini irəli sürən Heydər Əliyevi dəstəklədi. Bu fakt da özünün təsdiqini 12.05.1994 və 06.02.1995 tarixlərində ermənilərin xeyrinə imzalanan sülh sazişlərində tapır.
2000-ci illərdə isə xalq hakimiyyətin mövqeyinə qarşı çıxır! Həm də açıq-aşkar. Fikrimcə bu gün xalqımız artıq gələcəyin psixologiyası ilə yaşadığı halda, hakimiyyət hələ də 60-80-ci illərin idealogiyasının təsiri altındadır. Təbii ki, ən pis variantda, özbaşınalıq göstərməklə.
Və bu fakt prezidentin Azərbaycanı idarəetməyində o qədər aşkardır ki, onu hətta danmaq belə artıq mümkün deyil.

2. SUAL: OMON qiyamı olubmu?
CAVAB: OMON-un qiyamı olmayıb! 1994-cü ilin oktyabr ayındakı hadisələrdə OMON adının qiyamçı kimi ictimaiyyətdə tanınması bilavasitə Heydər Əliyevin işidir. Bu necə baş verdi? O zaman mən OMON-un olmadığı Baş prokurorluğun binasında həbs olunmamaq üçün qanuni müqavimət göstərdim. Mən artıq xəbərədar idim ki, o vaxtın baş prokuroru A. Ömərov sadəcə əmrə tabe olaraq məni həbs etməyə cəhd göstərdi. Mən Azərbaycan parlamentinin sədr müavini A. Cəlilovun və Hərbi əkskəşfiyyatın rəisi Şəmsi Rəhimovun qətllərində ittiham olunurdum.
Əliyev mənə OMON bazasında görüşməyi təklif etdi. Mən də ora gedərək, onu gözləməyə başladım. Lakin bu tələ idi. Belə ki, özü gəlmək əvəzinə Əliyev 30 tank göndərdi. Ancaq tank komandaları bizim tərəfimizə keçdilər. Bu vaxt isə Əliyev AzTV kanalı ilə çıxış edərək, canlı yayımda Cavadov qardaşlarını qiyamda ittiham edirdi. Lakin hərbiçilərin bizim tərəfimizə keçdiklərindən xəbər tutduqdan sonra, o, dərhal ittihamları təriflə əvəzlədi. “Bəxtiyar müəllim, siz qəhrəman oğullar yetişdirmisizin”-deyə, atamıza müraciət etdi.
Beləliklə, 1994-cü ilin oktyabrında hakimiyyət məni həbs edə bilmədiyi üçün, Qarabağın müdafiəsinə yönləndirilmiş OMON batalyonunu ləğv edə bilmədi. Necə ki, 1993-cü ildə bir imza ilə Azərbaycan respublikasının Müdafiə Nazirliyinin 40 batalyonu, yəni Qarabağı erməni aqressorlarından müdafiə edə biləcək qüvvə ləğv edilmişdi.
Hakimiyyət buna 1995-ci ilin mart ayında nail oldu. O zaman Rövşən Cavadov mənimlə razılaşmayaraq, OMON bazasını tərk etməyimi və fəallığımla danışıq yolu ilə məslənin həllinə mane olmamağımı tələb etdi.
Yeri gəlmişkən bu fakt Heydər Əliyevin özünün sifarişi ilə R. Fətəliyev tərəfindən çəkilmiş “Həqiqət anı” filmində də yer alır.
3. SUAL: bir Azərbaycanlı olaraq sizin fikrinizcə, Rövşən Cavadovun simasında Azərbaycan xalqı nəyi itirdi?
CAVAB: Ədalətə inamı, Vətən haqqını, müsbət örnəyi, Qarabağın azad olmasına inamı, təbii sərvətlərə olan haqqını, gələcəyə olan haqqını!..
4. SUAL: OMON-un ləğvi kimə və niyə lazım idi?
CAVAB: OMON işində həqiqəti dərk etmək üçün mövcud hakimiyyətin xalqı aldadaraq, hər şeydə tək məni təqsirkar çıxarmaq üçün fərddən ümumiyə doğru deyil,əksinə- ümumilikdən fərdə doğru getmək lazımdır. OMON işində isə ümumi o idi ki, Azərbaycanın o zamanki hakimiyyəti 12.05.1994 və 06.02.1995 tarixlərində Ermənistanla “Atşkəs” imzalamalı idi. Bunun üçün isə əsas tələb OMON-un ləğvi və biz, Cavadov qardaşlarının qətli idi. Bu da onunla bağlı idi ki, OMON imzalanmış sazişə məhəl qoymadan aqressor ermənilərə qarşı hərbi əməliyyatlar həyata keçirməkdə idi.
Demək istəyirəm ki, 1994-cü ildə bizə qarşı yaradılmış təxribat bilavasitə Ermənistanla imzalanan “Atəşkəs” sazişinə bağlıdır.
5.SUAL: Mahir Cavadovun Bakıya qayıdışı onun özünə və xalqa nə verəcək?
CAVAB: Mənə Vətənimi və hakimiyyəti! Xalqa isə ədalətə inam, Vətən haqqı, daha yaxşı həyat
6.SUAL: Mahir Cavadov xalqdan nə kimi dəstək gözləyir?
CAVAB: Xalqımızdan əsl siyasi dəstək, yəni maddi və mənəvi dayaq olmasını gözləyirəm
7. SUAL: Qarabağ problemi hakimiyyətin dəyişməsi ilə həll olunacaqmı?
CAVAB: Əlbəttə! Çünki Qarabağ problemi erməni milliyətçiləri ilə birgə orada hökmranlıq etmək üçün elə hakimiyyətin özü tərəfindən yaradılmışdı. Bu bütün dünyaya məlumdur. Elə ona görə də mövcud rejim hakimiyyətdə olduğu vaxtda heç kim- xüsusi ilə də aqressor özü- Azərbaycanın Qarabağ probleminə qarşı ciddi yanaşmır. Baxmayaraq ki, hakimiyyət Azərbaycanın adından danışır və hətta Ermənistanı müharibə ilə hədələyir.
8. SUAL: Sizin fikrinizcə, xalq dəyişikliklərə artıq hazırdır?
CAVAB: Başa düşdüyüm qədər siz siyasi dəyişikliklərdən danışırsız. Danılmaz həqiqətdir ki, mövcud rejim siyasi seçkilər yolu ilə hakimiyyəti tərk edən deyil. Bu halda isə siyasi dəyişikliklər uğrunda bütün zamanların və bütün xalqların qanuni üsullarından istifadə etmək lazımdır. Dəqiq desəm “zəruri müdafiə” vəziyyətində hərəkət keçmək üsulundan. Yeri gəlmişkən, bu vəziyyət Cinayət Məcəlləsində də yer alıb. Bunun üçün isə biz - Cavadov qardaşları kimi həyatını, azadlığını, maddiyatını, rahatlığını da təhlükəyə atmağa hazır olmalısan. Hesab edirəm ki, bu gün bizim gənclərimiz qanunları pozan cinayətkarlara qarşı mübarizədə daha çox bu üsula meyillidir. Daha yaşli nəsil isə fikrimcə 1994-95-ci illərdəki məğlubiyyətimizdən çəkinir. Lakin son zamanlar yaşlı nəsil də bu mübarizəyə daha çox meyl salmağa başlayır. Eyni zamanda qeyd edim ki, ənənəvi “müxalifət” liderlərinə etibarımın olmadığını qeyd etməliyəm.
9.SUAL: Mahir Cavadovun planlarında Azərbaycanın gələcəyi necə görünür?
CAVAB: Əvvəla qeyd edim ki, biz öz maraqlırımızı heç vaxt xalqımızın maraqlarından kənar görmədik. Elə burdan da planlarımız doğur. Mənim siyasi şüarım: Azdalıq-qanunlara riayətdir! Biz hamımız kiminsə nazı ilə deyil, qanun üzrə yaşamalıyıq. Biz istəyirik ki, hər bir vətəndaş satılan təbii sərvətlərdən gələn gəlirin payına sahib olmaq hüququ qazansın. Hər bir vətəndaş Vətənində əməyi layiqincə ödənilən işlə təmin olunsun. Layiqli mənzilə malik olsun. Hakimiyyət, parlament və yerli özünüidarə orqanları seçmək hüququ qazansın.
10. SUAL: Mövcud hakimiyyətə alternativ görürsünüzmü?
CAVAB: Əlbəttə və şübhəsiz! Lakin cinayətkarların və onların əhatəsinin hakimiyyətə gəlməsinə səbəb olmuş 1988-95-ci illərdə edilən siyasi səhvləri təkrarlamamaq üçün Azərbaycan xaqlı o səhvləri anlamalıdır. Eyni zamanda razılaşmalıdır ki, mövcud rejim seçki yolu ilə hakimiyyəti tərk edən deyil. Buradan aydın olur ki, xalqı seçkilərə çağıran siyasətçilər ya mövcud rejimin təhrikçiləridir ya da dar düşüncəli insanlardır.
Hesab edirəm ki, bu ağır siyasi vəziyyətdə xalqımızın yeganə düzgün seçimi bizi- Mahir Cavadovu və onun həmfikirlilərini mövcud hakimiyyətə alternativ tanımaqdır. Əks halda xalqımız heç vaxt qanunsuzluq, korrupsiya, yoxsulluq, yalan, cinayət dolu qapalı dairədən çıxa bilməyəcək. Eyni zamanda da Qarabağla bağlı Azərbaycanın ərazi bütövlüyü həll edə bilməyəcək...

Ülviyyə Axundova

2 комментария:

  1. Menimce sizin Azerbaycana gelib gelmemeyiniz hec ne deyishmeyecek daha o dediyiniz inam hisleri seslensede realiqda yoxdur.semimi olaraq

    ОтветитьУдалить
  2. Mirnaib bey,Salam!Sizde Inam yoxdursa,umid de yoxdur? Bes Alievlere garshi hansi hisslerle yashayirsiniz? Yoxsa bu hissler Alievlerin hakimiyyetini gebul edir? Yani siz oz pessimist movgeyinizle onlara gullug edirsiniz!

    ОтветитьУдалить